'Pis nümunelerin' öldürülmesi yalnız bir nefere gerek olur

Qanimat ZAHİD

Boris Nemtsov və neoavtoritarizmin başqa qurbanları hansı sifarişlər əsasında, nə üçün öldürülüblər?

Yəqin, indi Rusiyadan başqa dünyanın bütün ölkələrində «Boris Nemtsovu kim öldürdü», deyə gedən ictimai müzakirələr səmimi olaraq, bir neçə tərəfə ayrılır. Rusiyada heç kim şübhə etmir ki, bunu Putin edib. Burada bölünmə başqa cürdür. Bir qism adamlar belə hesab edir ki, Putinin bu hərəkəti əclaflıqdır, o biri qism belə hesab edir ki, düz ediblər və Nemtsov öldürülməli idi...

«Prezidentin şəxsi nəzarəti»

Nemtsovla bağlı ictimai müzakirə versiyaları nə qədər çox olur-olsun, sonunda Putinin istintaqı mərhumu urvatdan salan və onun qətlinin ictimai-siyasi motivinin olmadığını təsdiq edən bir versiyanın üzərində dayanacaq. İki mühüm səbəbə görə. Birincisi, bu iş Vladimir Putinin şəxsi nəzarəti altında elan edilib. İkincisi isə, istintaqa Rusiyanın «ən yaxşı kriminalistlərinin və əməliyyatçılarının cəlb edildiyi» barədə rəsmi xəbər yayılıb. Vəssəlam. Bu iki mühüm amil istənilən cinayət işinin gerçək səbəblərini və gerçək ssenarisinin dəfn etməyə imkan verir.

Oxşar cinayət işləri ta 90-cı illərdən bəri «ən yaxşı kriminalistlərin və əməliyyatçıların» çiyinləri üzərində prezidentin şəxsi nəzarəti altına daşınmaqdadır. Avtoritar ölkələrdə prezidentlərin şəxsi nəzarəti altında baş verən cinayət işlərinin üstü açılmır. Hətta baş vermiş cinayət işlərinin istintaqı prezidentlərin şəxsi nəzarəti altında elan ediləndən sonra da açılmır. Bu cür cinayət işlərinin Azərbaycanda nə zaman kimlərə qarşı baş verdiyini xatırlayın, bu yazını oxuya-oxuya barmaqlarınızı qatlayın. Hər dəfə barmağınızı qatlayanda bir adamın qətlini gözünüzün qabağına gətirəcəksiniz....

Və yeri gəlmişkən, avtoritar ölkələrdə «ən yaxşı kriminalistlər və ən yaxşı əməliyyatçılar»ən nə demək olduğu çox dağınıq sualdır. Məsələn, Hacı Məmmədov, peşəkar polis əməliyyatçısı sayılırdı...

Niyə «prezidentin şəxsi nəzarəti»?

«Prezidentlərin şəxsi nəzarəti altında» elan edilən cinayət işləri o ölkələrdə baş verir ki, həmin ölkələrdə hüquq-mühafizə sistemi bütövlükdə, istintaq-məhkəmə orqanları da əlahiddə olaraq siyasi sifarişləri götürən və icra edən sistem kimi fəaliyyət göstərir. Yoxsa, prezidentin qarnının ağrısı nədir ki, hansısa cinayəti şəxsi nəzarətinə götürür? Bəyəm, prezident məhkəmədir? Hər cür istintaqın nəticəsi məhkəmədə təsdiq edilməlidirsə və məhkəmə dəyərləndirməsindən daha şəffaf, daha ədalətli, daha dürüst nəticə yoxdursa, bu «prezidentin şəxsi nəzarəti» haradan çıxdı?

Hər hansı cinayət araşdırmasının üzərində «Prezidentin şəxsi nəzarəti» bir neçə mühüm məsələyə görə inhisarçı mövqeyə çevrilə bilər. Birincisi, hətta prezident də rəhbərlik etdiyi ölkədə istintaq və məhkəmə orqanlarının peşəkarlığına və obyektiv olacağına inanmır. İkincisi, oxşar cinayətlərin izləri siyasi hakimiyyətə, o cümlədən konkret olaraq, prezidentin özünün aid olduğu siyasi çevrəyə gətirib çıxara bilər. Üçüncüsü, bu cür işləri prezidentin özü sifariş verə bilər və istintaqın gedişinə kontrolu da o məqsədlə nəzarətə ala bilər ki, sifarişin mümkün boş buraxılmış izlərini itirsin... Buna bənzər başqa səbəblər də ola bilər...

«Siyasi Allah» kultu

Amma bütün hallarda bu cür siyasi qətllər avtoritar liderin ya birbaşa, ya da dolayısı ilə təqdir etdiyi, istədiyi, tələb etdiyi və nəhayət, şərait yaratdığı cinayət işləridir. Rusiyada siyasi avtoritarizm prezidenti ilahiləşdirir. Azərbaycanda olduğu kimi, orada da prezident Allahın bəzən kölgəsi, bəzən oğlu, bəzən də özü şəklində təqdim edilir və bu təqdimatı hazırlayan nəhəng dövlət-yaltaqlıq instrumentləri var. Bu cür ölkələrdə (Azərbaycan da daxil olmaqla) prezidentə qarşı çıxmaq, onu tənqid etmək, kütləvi şüur üçün «dövlətçiliyə qarşı» çağırış, «vətənə xəyanət» kimi tövsif edilir. Məqsəd odur ki, kütləvi şüur bu cür insanları kafir və bidətçi kimi qəbul edərək onlara oxşamaqdan imtina etsin və daha sonra belələrini ittiham etsin. Bundan o yana bircə addımdır ki, bu cür adamlarla istənilən cür rəftar etmək mümkün olsun. Onları döymək, təhqir etmək, öldürmək mümkün hesab edilir...

Avtoritar ölkələrdə inzibati terror bu şəkildə zühur edir. Birbaşa diktatorun şəxsi sifarişi və ya istəyi üzrə qətllər təşkil edilir, sonra isə bu cür işlər diktatorun şəxsi nəzarəti altında elan edilir və... istintaqı başa çatmış saymaq olar.

«Şəxsi nəzarət altında»kı cinayət işlərinin motivasiyası

Bü cür qətllərdən sonra diktatorun laboratoriyasında əvvəlcədən hazırlanan və bütün dünya avtoritarları üçün vahid olan təbliğat qəlibləri üzə çıxarılır:

1. Bu, kimə lazım idi?

Cavabı da belə olur ki, hər kəsə lazım ola bilərdi, yalnız diktatora lazım deyildi, çünki ona qarşı təxribatdır, ona qarşı istifadə edilmək üçün törədilib.

2. Mərhum diktator üçün təhlükə deyildi.

İzahatı da budur ki, diktator güclüdür, cəmiyyətdə onun reytinqini üstələyəcək və insanları ona qarşı səfərbər edəcək reytinq sahibi yoxdur...

Amma hər iki postulat və hər iki izahat kökündən səhvdir və əyridir.

Diktatora qarşı çıxanların öldürülməsi yalnız diktatorun özünə lazımdır. Diktatorlara qarşı təxribatlar, beynəlxalq koalisiyalar diktatorların rəqiblərinə qarşı əməliyyatları nəzərdə tutmur və heç zaman belə olmayıb. Bu cür əməliyyatlar diktatorların birbaşa şəxsi təsərrüfatlarına, hərbi-siyasi mətbəxlərinə qarşı şəffaf şəkildə təşkil edilir.

Avtoritar lider üçün «yetərincə güclü» anlayışı yoxdur

Diktatorun yetərincə güclü olduğu barədə qənaətlər də aldadıcıdır. Xüsusilə də müasir diktatorlar. Diktatorların gücü onların tamahına bənzəyir və heç zaman «bu qədər bəsdir» işarəsini qəbul etmir. Bu tip adamlar Allahlıq iddiasında və xülyasındadırlar. Xəstəlik dərəcəsində belədir. Buna görə də onlar öz reytinqləri ilə ictimai şübhələr arasındakı məsafəni sonsuzluğa qədər dartıb uzatmağa iddialı olurlar. Buna görə də onlar alternativ fikir və şüar tərəfdarlarını nəhayətsiz olaraq aradan və sıradan çıxarmağa ehtiraslı olurlar.

«Pis nümunə» məhv edilməlidir ki, başqalarına görk olsun

Bəyəm, özü-özlüyündə, 2 min tirajla çıxan «Monitpr» jurnali Əliyev rejimini devirəcək qədər təhlükəli idimi? Yoxsa, Rafiq Tağının bir-iki məqaləsi rejimin əleyhinə o qədərmi böyük təhlükə idi ki, onu iki dəfə öldürməyə dəymiş olsun? Əlbəttə deyildi, amma «pis nümunə» idi.

Diktatorlar, öz xanimanları üçün gerçək təhlükələri dəf etdikdən sonra, potensial təhlükələrin meydana gəlməsinə vəsilə ola biləcək «pis nümunələri» aradan götürürlər. Elmarın qətlindən sonra sadəcə olaraq, «aparılan» yox, həm də «gedən» proseslərə baxın və Azərbaycan mətbuatının azadlıqdan bir sistem dəyəri olaraq imtinasına tamaşa edin. Diktator məmnundur və indi onu məmnun etməyəcək bir-iki nümunə var ki, onlarla da məsələni çürütmək üçün davamlı tədbirlər görməkdədir.

Fikir verin. Dünyada diktaturanın sarsaqcasına diblisziliyə işləyən modeli sayılan Şimali Koreyada diktatorun əleyhdarları elan edilərək məhv edilənlər yoxdurmu? Əlbəttə var. İtlərə atıb yedirir, topun lüləsinə soxub mərmiylə havaya uçurur...

Amma belə baxanda Şimali Koreya diktatoru ictimai şüurda siyasi Tanrı mərhələsinə qədər yüksəldilmiş bir tipdir və onun reytinq adlı bir dərdi də yoxdur. Amma o da opponent saydıqlarını öldürür. Onun üçün opponent saçını başqa cür qırxdırmış adamdır, ondan icazəsiz Hollivud filminə baxan koreyalıdır, atasının anım mərasimində ağlamayan Koreya sakinidir və s...

Nemtsov ən zəif halında, «pis nümunə» idi, vəssəlam

Boris Nemtsov Putinin sifarişidir. Birbaşa göstərişi olmasa belə, onun sosiallaşdırılmış sifarişidir. Avtoritar ölkələrdə siyasət və mətbuat adamlarının aradan götürülməsinin yalnız bir sifarişçisi olur: Diktator. Bu qətllər ondan başqa heç kimə lazım olmur.



Facebook sayfamızı beğenin, takipte kalın...
Yorumlar